Əsas məzmuna keç

Qoşma

Yazmaq olmur, əzizim

Zəlimxan Yaqub

1

Dəniz dəli, çay havalı, su qanlı, Üzmək olmur, üzmək olmur, əzizim. Ürəklərin gör nə qədər dərdi var, İpə-sapa düzmək olmur, əzizim.

Dağdan yağır, daşdan yağır suallar, Yağış kimi başdan yağır suallar. Gözdən axan yaşdan yağır suallar, Nəfəs alıb gəzmək olmur, əzizim.

Kimi dağdan, kimi damdan yıxılır, Başımızın üstündədi qorxular. Baş-ayaqdı, qat-qarışdı yuxular, Yozmaq olmur, yozmaq olmur, əzizim.

Nə dərd olsa, bizə salır mehrini, Biz çəkirik yerin-göyün qəhrini. Yazan yazıb, elə basıb möhrünü, Bir sətrini pozmaq olmur, əzizim.

Sünbül nədi, dəndən yaxşı bilirəm, Dağ nə çəkir, səndən yaxşı bilirəm, Sən biləni səndən yaxşı bilirəm, Yazmaq olmur, yazmaq olmur, əzizim.

2005, 23 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.