Yazıq yaşaya bilmədi
Ağrıları ayaqları, Əzabları başı çəkdi. Gözlərindən gələn arxı, Gözlərinin yaşı çəkdi. Kürəyindən alçaq vurdu, Ətəyindən naşı çəkdi, Yazıq yaşaya bilmədi.
Yüklədi qəm şələsini, Çiynində kəndir yaşadı. İçi yandı, çölü yandı, Canında təndir yaşadı. Qismətində buxov, qandal, Qolunda zəncir yaşadı, Yazıq yaşaya bilmədi.
Doğrulmadı ümidləri, Zaman qaçdı arxasından, Ayı qara, ili qara, Dərd yapışdı yaxasından. Addım atmaq istəyəndə Fələk dartdı çuxasından. Göydə ulduzları saydı, Dərdini saya bilmədi. Çox can atdı yaşamağa, Yazıq yaşaya bilmədi!
2003, 27 mart