Əsas məzmuna keç

Heca şeiri

Yazılmaz o məktub

Zəlimxan Yaqub

1

Bir zaman anama məktub yazardım, Bir zaman atama məktub yazardım. Şirin xatirələr yada düşərdi, O dada, o tama məktub yazardım, Yazılmaz o məktub, yazılmaz daha.

Qəlbin paralanmış şüşəsindədi, Qəlbimin ən dərin guşəsindədi, Çılğın saatların, kövrək anların, Məktublu günlərin nəşəsindədi, Yazılmaz o məktub, yazılmaz daha.

Hər xalı, hər gülü bir əsər idi, Nöqtəsi, vergülü bir əsər idi. Arzu çırpıntılı, ümid qanadlı, Məhəbbət sərgili bir əsər idi, Yazılmaz o məktub, yazılmaz daha.

Anamın səbrinə məktub yetişməz, Atamın qəbrinə məktub yetişməz. Çürüyər mürəkkəb, quruyar qələm, O pirə, o dinə məktub yetişməz, Yazılmaz o məktub, yazılmaz daha.

Gəncliyin gücündən alıb eşqimi, Allah, məktublarda nələr yazardım?.. Şeiri naxışlarla bəzəməyimdən, Məcnuna, Kərəmə bənzəməyimdən, Bir qız baxışında durulmağımdan, Qəfil bir gözələ vurulmağımdan, Çətin imtahandan aldığım “beş”dən, Bəxtimə söz adlı doğan günəşdən, Qəlbimin dünyanı gəzən səsindən, Təzə kitabımın ilk nüsxəsindən, Həftədə bir şirin xəbər yazardım. Məktub yox, elə bil, əsər yazardım, Yazılmaz o məktub, yazılmaz daha.

Bəlkə məktubun da insanlar kimi, Doğulan çağı var, ölən çağı var? Buz kimi əriyib suya dönməyi, Od kimi dünyaya gələn çağı var? Bəlkə məktubun da insanlar kimi, Kəsilən nəfəsi, çıxan canı var? Hər insan qəlbində, bir Allah bilir, Nə qədər məktubun qəbristanı var. Soyuq sətirləri yaza bilərmi, Odlu məktubları yazan Zəlimxan?! Ölən məktublara dil deyir indi, Saz üstə ağlayır ozan Zəlimxan. Yetişməz bəndəyə, çatmaz Allaha, Yazılmaz o məktub, yazılmaz daha.

2005, 27 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.