Yazı yazan sağ olsun
Baharla vidalaşdıq, payız gəlir qarşıdan, Ömrümün bağçasına düşən xəzan sağ olsun. Dünya köç-köç olsa da sahmanı dəyişməyən, Tanrının yaratdığı qurğu, mizan sağ olsun.
Hər evdən qəbiristana nəmli bir cığır gedər, Çox havalı gələnlər dünyadan fağır gedər. Giley çıxsa dilimdən Allaha ağır gedər, Qəbrimə zəhmət çəkən, qəbirqazan sağ olsun.
Ölən canımız olsun, təki cahan ölməsin, Bətnində can gəzdirən Azərbaycan ölməsin. Ruhlar didərgin düşüb din və iman ölməsin, Hər səhər göy üzünə qalxan əzan sağ olsun.
Sahibi mən deyiləm haqqa verdiyim canın, Qarşısını kim kəsər damardan çıxan qanın. Bir ozanı ölsə də sazlı-sözlü dünyanın, Məndən sonra mən deyən min-min ozan sağ olsun.
Altmış illik ömrə altmış dəfə şükür, Peyğəmbər yaşındakı uca şərəfə şükür. Məni haqq cərgəsinə qaytaran səfə şükür, Qanun verən, hökm edən, yazı yazan sağ olsun.
2011, 10 may Almaniya, Hannover