Yazdırır
Kimi savab üçün gəlir dünyaya, Kimi ömrü boyu günah yazdırır. Ömrün tarixini, vaxt olur qələm, Vaxt olur, qan tökən silah yazdırır.
Dağıdır bütövü, bölür paranı, Zaman qarışdırır ağı, qaranı. Şər axşam qarışıb qatır aranı, Xeyrin dastanını sabah yazdırır.
Mənası ölümsüz, mətləbi dərin, Sözdü bu dünyada hər şeydən şirin. Yaxşı bir əsəri varsa şairin, Onu şair yazmır, Allah yazdırır!