Yazdım
Bir dərd məni köçür dedi dəftərə, yaz, kitab eylə, Min dərdi çəkdim canıma o dərdləri, qəmləri yazdım.
Talesizlər taleyinə ayna tutdu qəmgin qələmim, Baxdım gözdəki yaşlara, kirpikdəki nəmləri yazdım.
Varlığı, yoxluğa çevirdi zamanın zəlzələsi, Vaxtın əlində çırpınan neçə bəxtikəmləri yazdım.
Kim bir az sevinc gördüsə qaçdı, uzaqlaşdı kədərdən, Mənsə mənə həmdərd olan həmdəmləri yazdım.
Həsrətlə boylandım dərədən dağlara doğru, Zilə əllər yetişmədi, götürüb bəmləri yazdım.
Ömrümə sevincin ömürsüz bir damlası düşdü, Zəlimxanı ağlatdı kədər nisgilləri, matəmləri yazdım.
2000, 2 dekabr