Əsas məzmuna keç

Qoşma

Yaylaqda

Zəlimxan Yaqub

1

Saxla ayağını, sürücü qardaş, Vurma əllərini maşına burda. Hər kəs bir alıcı tərlana dönsün, Qonsun qayaların qaşına burda.

Daşlara sığaldı tütəyin səsi, Çəmənə layladı küləyin səsi. Bulud tüfəngidi, şimşək gülləsi, Qayalar bənzəyir qoşuna burda.

Saz kimi çalınar, ney kimi dinər, Duyğular içində ömrü isinər. Könlü dağ istəyən köhlən at minər, Dönər zirvələrin başına burda.

Duymasan, gözəllik gözünü yumar, Fikrinə, hissinə tumar çək, tumar. Gör necə boylanır gül xumar-xumar, Baş qoy çiçəklərin döşünə burda.

1977, 1 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.