Yay təcnisi
Bahar fəsli bir fürsətdi insana, Çiçəyə dön, öz ətrini yaxşı yay. Toxum sağlam, səpin halal olanda Dolu sünbül yetişməzmi, yaxşı yay.
Söz köhləndi, çap cıdırda, min, dolan, Min boşalsa tükənməzdi min dolan. Yaxşı sözün dön başına, min dolan, Sarıyağtək öz canına yaxşı yay.
Günəş nuru necə yayır, yay elə, Ay Zəlimxan, qışı döndər yay elə. Döyüş vaxtı qollarını yay elə, Yaxşı oxu, yaxşı axtar, yaxşı yay.
2009