Yaxşı gün – yaman gün
Gələn günün xoş xəbərlə gəlirsə, Yaxşı gündü, yaxşı gündü, yaxşı gün. Dünya sənlə sevincini bölürsə, Yaxşı gündü, yaxşı gündü, yaxşı gün.
Uçuşların qartalları yorursa, Sərt inadın sal qayanı yarırsa, Hissin, ağlın yüksəklərə varırsa, Yaxşı gündü, yaxşı gündü, yaxşı gün.
Qızıl günəş işığını saçanda, Sən də parla, öz nurunu saç onda. Qara bulud baş götürüb qaçanda Yaxşı gündü, yaxşı gündü, yaxşı gün.
Öz eşqini bir çağlayan bulaq san, Öz qəlbini bir alışan ocaq san. Nə qədər ki, yaman gündən uzaqsan, Yaxşı gündü, yaxşı gündü, yaxşı gün.
Geri dönməz bəxtin üzü dönəndə, Dindirən də peşman olar, dinən də. Gur ocaqlar birdəfəlik sönəndə, Yaman gündü, yaman gündü, yaman gün.
Başın üstdən acı yellər əsəndə, Qar qalanıb yollarını kəsəndə, Sən həyatdan, həyat səndən küsəndə Yaman gündü, yaman gündü, yaman gün.
Zərbəsini ürəyinə tuşlasa, Yerli-yersiz tale səni daşlasa. Gəlhagəlin gethageti başlasa, Yaman gündü, yaman gündü, yaman gün.
Çək sinənə şad günlərin ətrini, Bəd günlərdə tanrı ilə deyişmə. Oğulsansa, vaxtında bil qədrini, Yaxşı günü yaman günə dəyişmə!