Yaxına gəl, yaxına
Hansı toydan gəlirsən, Ay toyum, ay bayramım. O ağlı, qırmızılı Ovcundadır ilhamım. Ya qəlbimin qanıdır, Əlindəki, ya xına, Yaxınlardan yaxınım, Yaxına gəl, yaxına.
Sən mənim həyatıma, Nə yadsan, nə gəlməsən. Dodağımda şirin söz, Dilimdə xoş kəlməsən. Hey baxmaq istəyirəm, O boya, o buxuna, Elə uzaq dayanma, Yaxına gəl, yaxına.
Görünmək istəməsən Gözlərimə gizlərəm. Sözlə yox, ürəyimin Oduyla əzizlərəm. Qıymaram o gözlərə Yad baxışı toxuna. Ömürlük səadətim, Yaxına gəl, yaxına.