Yaşıl çəmən
Qəmli-qəmli üz tutmuşam dərgahına, Məni qəmdən uzaq eylə, yaşıl çəmən! Macalım yox ömrüm boyu qalmaq üçün, Bircə günlük qonaq eylə, yaşıl çəmən!
Təmizlənim zirvələrin qarı kimi, Ətirlənim budaqların barı kimi, Ləçəklərdən şirə çəkən arı kimi, Sevgimi bir bulaq eylə, yaşıl çəmən!
Qəm küsdürür, dərd ağladır ürəkləri, Məlhəm kimi qoy yarama çiçəkləri. Səhər vaxtı əsib keçən küləkləri, Saçlarımda daraq eylə, yaşıl çəmən!
Yaxşı yatıb, qışda görüb qar işini, Yaz toxuyub arğacını, ərişini. Ətir payla, yurdumun hər qarışını, Gözlərimə çıraq eylə, yaşıl çəmən!
Mən gəlmişdim nəfəsini qoxlamağa, Söz vermişdim, ömrü cavan saxlamağa. Nə qalıb ki, əlli yaşı haqlamağa, Qaytar məni uşaq eylə, yaşıl çəmən!