Əsas məzmuna keç

Heca şeiri

Yaşamışam

Zəlimxan Yaqub

2

Mənə gənc şair demə, çoxdan ötüb gəncliyim, Heç olmayıb həyatda rahatlığım, dincliyim. Şeirsiz keçən günüm varlığımda heçliyim, Şeirimlə bahar ömrü, qış ömrü yaşamışam!

Boy vermiş ağac oldum, budaqlarım budandı, Varlığıma göz yumub o gizlədi, bu dandı. Mənim bu dərya səbrim dağ boyda dərd udandı, Dərdimə dözə-dözə daş ömrü yaşamışam!

Talan olmuş bostanın uraları məndədir, Dağ-dağ olmuş dağların sıraları məndədir. Tarixin sağalmayan yaraları məndədir, Mən bir ömrün içində beş ömrü yaşamışam!

İnadımla daşları yumşaldıb mum eylədim, Fikrimi, düşüncəmi sağlam toxum eylədim. Ağappaq varaqları qapqara şum eylədim, Mən əkinçi taleyi, xış ömrü yaşamışam!

Bəzən vaxtım boş keçib, ömrü hədər vermişəm, Bəzən gül dodaqlara şən nəğmələr vermişəm. Məndən sevinc umana həsrət, kədər vermişəm, Bir gözəl yanağında yaş ömrü yaşamışam!

Dözdüyümə dözəmməz dözüm dərsi keçənlər, Bu sınaq yollarını keçən fildi, keçən nər. Məni hərdən çaşdırır bu dumanlar, bu çənlər, Düz getmək əvəzinə çaş ömrü yaşamışam!

Məni ömrün yolunda çox ölümlər haqladı, Nə əqidəm sarsıdı, nə inamım laxladı. Çətin gündə qollarım torpağı qucaqladı, Ayaqda sürünmədim, baş ömrü yaşamışam!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.