Yaşamaq həvəsi
Çəmənlər, çiçəklər, yarpaqlar, otlar, Fidanlar yaşamaq həvəsindədi. Dolana-dolana bağın başına, Bağbanlar yaşamaq həvəsindədi.
Təbiət istəyir al-əlvan geyə, Könül vurğun ola nəğməyə, neyə. Ovçu nişan alır “öldürüm” deyə, Ceyranlar yaşamaq həvəsindədi.
Qəlbi də, beyni də sıxmaq istəyir, Ömrün axırına çıxmaq istəyir. Kimisə, nəyisə yıxmaq istəyir, Tufanlar yaşamaq həvəsindədi.
Günəşli səhəri, aylı axşamı, Doya bilməsə də, seyr edir hamı. Ey külək, söndürmə odlanan şamı, Yananlar yaşamaq həvəsindədi.