Əsas məzmuna keç

Qoşma

Yaşa bu möhləti

Zəlimxan Yaqub

1

Su məni yandırdı, su məni yaxdı, Yandım dodağımdan dilimə qədər. Göynədim, gözümdə göllər titrədi, Yandım içərimdən çölümə qədər.

Həyat baldan şirin, bahadan baha, Büründüm tüstüyə, bələndim aha. Yanmaq sınağından çıxmışam daha, Görmüşəm közümdən külümə qədər.

Buzda don, qarda don, donmağı birmiş, Suda yan, odda yan, yanmağı birmiş, Ömrün çöpə dönüb sınmağı birmiş, Hamı yol gedirmiş zülümə qədər.

Bir sözü deməyə dilim gəlmədi, Bir gülü tutmağa əlim gəlmədi. Zəlimxan, hələ ki, ölüm gəlmədi, Yaşa bu möhləti ölümə qədər.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.