Əsas məzmuna keç

Qoşma

Yarla yarın arasında

Zəlimxan Yaqub

1
Sürücüm Təyyar Mehdiliyə

Yol uzanır dilənçidən şaha doğru, Dava gedir yoxla varın arasında. Nəfs-tamah gecə-gündüz döyüşdədi, Dava gedir başla qarın arasında.

Ocaq yanır, od nə bilsin sac nə çəkir, Başsız başda Allah bilir tac nə çəkir. Tox nə bilsin yoxsul kimdi, ac nə çəkir, Ülfət olmaz acla harın arasında.

Ürəklərin son qatına enmək yoxdu, Bülbüllərin cəh-cəhinə dönmək yoxdu. Eşitmək yox, danışmaq yox, dinmək yoxdu, Cəhənnəm var lalla karın arasında.

Yeri şumla, yurdu dinlə, torpağı ək, Çiçəyi dər, gülü qoxla, şırımı çək. Başın üstə çadır qursun çərxi-fələk, Gör nələr var yarla yarın arasında.

Qəlbimizin harayları, ünləri var, Sevgimizin tanrıları, dinləri var. Ömrümüzün isti-soyuq günləri var, Tər çiçəklə təzə qarın arasında.

Canımızda ağrı qalır, azar durur, Ortalıqda can alveri, bazar durur. Bu, taledi: beşik ilə məzar durur, İlk baharla son baharın arasında!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.