Yarı mizrab, yarı pərdə, yarı sim
Aşıq yanır, sinə yanır, saz yanır, Aman Allah, yanmayaydı barı sim. Belə getsə qalmayacaq dağda qar, Əridəcək zirvələrdə qarı sim.
Qarışdırıb axşamımı, danımı, Ara yerdə batıracaq qanımı. Köməkləşib alır mənim canımı, Yarı mizrab, yarı pərdə, yarı sim.
İlmə olub, naxış olub, xal olub, Şirin xallar barmaqlarda bal olub. Gözlərə bax, sehrlənib, lal olub, Sehrləyib gözəli sim, yarı sim.
İşvə olub, qəmzə olub, naz olub, Fəsillərin qışı dönüb, yaz olub. Təbiət də başdan-başa saz olub, Çəmən simdi, çiçək simdi, arı sim.
Nədir belə çiçəklənən, güllənən, Nədir belə ləngərlənib sellənən? Zəlimxanın eşqi ilə dillənən, Sarı simdi, sarı simdi, sarı sim.