Yaratdı
Əllərimin içindədir gözümün yaşı, Tanrı məni yaradanda kövrək yaratdı. Dərdə yuva, qəmə beşik, həsrətə məskən, Sinəm altda bir narahat ürək yaratdı.
Mən dünyanın dəmindən çox qəmini gördüm, Mən taleyin neçə bəxti kəmini gördüm, Kirpiyimdə neçə yasın nəmini gördüm, Baxışımda çən yaratdı, çisək yaratdı.
Ağrıları, acıları qat-qat eylədi, Gah yandırdı, gah dondurdu, gah mat eylədi. Qardaş, mənə neylədisə həyat eylədi, Baxışımda od yaratdı, şimşək yaratdı.
Dönəmmədim bu yollarda bərkə, mətinə, Yağış oydu, dolu döydü, düşdüm çətinə. Mən nə deyim təbiətin bu qismətinə, Məni qaya yaratmadı, çiçək yaratdı.
Küsmüşəmsə, necə deyim barışammaram, Tanrı olub tanrılarla yarışammaram, Mən Allahın işlərinə qarışammaram, Nə qurdusa Allah qurdu, fələk yaratdı!