Yarat, qardaşım, yarat!
Ad ilhamdı, ad kitab, ad əsərdi, ad yazı, Ruhuma nemət verər, yazı daddı, dad yazı. Qəlbimizə qovulmaz, ruhumuza yad yazı, Əriyəcək qar kimi, saxta şöhrət, saxta var, Yarat, qardaşım, yarat, nə var, yaratmaqda var.
Şairi addımbaşı sevinc atar, qəm izlər, Kirpiyini göz yaşı, yanağını nəm izlər. Dünyanın çirkabını şair sözü təmizlər, Eşqimiz bir dənizdi, ömür gəmi, vaxt avar, Yarat, qardaşım, yarat, nə var, yaratmaqda var.
İçi boş şöhrətləri yel götürər aradan, Zaman verər qiyməti, seçər ağı, qaradan. Tanrının bir adı da Yaradandı, Yaradan. Demə ki, yaradaram, demə, hələ vaxta var, Yarat, qardaşım, yarat, nə var, yaratmaqda var.
Gec olacaq düşünmək, ruh bədəndən uçanda, Varaq səndən soyuyub, sən varaqdan qaçanda. Gec olacaq qapını ölüm gəlib açanda, Göz açıb görəcəksən bədənində bez, kəfən, Tabutunda taxta var, Yarat, qardaşım yarat, nə var, yaratmaqda var.
Allah dözər şairin hər nazına, ərkinə, Bir sevgiylə cavab ver, hər nifrətə, hər kinə. Gör bir nələr yaratdı, güc ver haqqın dərkinə. Qış səni qorxutmasın, demə, yolda şaxta var, Yarat, qardaşım, yarat, nə var, yaratmaqda var.
2002, 3 sentyabr