Yaraşsın
Emin dayı, boz atını yəhərlə, Tüfəng ələ, qatar belə yaraşsın. Dağ küləyi çağıranda yarışa, Dəli köhlən əsən yelə yaraşsın.
Dünya gözəl, göylər təmiz, hava xoş, Bu dağların cəlalına nəğmə qoş. Elə kükrə, elə çağla, elə coş, Ömrün-günün axan selə yaraşsın.
Üzün gülsün çiçəkləri üzəndə, Oğlan kimi dolan dağda, düzəndə. Əsli deyib diyar-diyar gəzəndə, Xan Kərəmə gərək Lələ yaraşsın.
Sən tanışsan çəhlimlərə, izlərə, Təbiətdən töhfə göndər bizlərə. Ovçuluğun bu ceyranlı düzlərə, İgidliyin bizim elə yaraşsın.
Oylağındı Qurudərə, Qarasu, Şişdağ mehi hər ağrının çarası. Güləverdi gözlərinin qarası, Qoy bu nəğmə həmin elə yaraşsın.
Demə köçüb uzaq yerə, yad elə, Hər söhbətdə Zəlimxanı yad elə. Bu şeirimi damağında dad elə, Dil nəğməyə, nəğmə dilə yaraşsın.