Yaraşır
Sallana-sallana gələn Salatın, O sərxoş yerişin yola yaraşır. Salıbsan gərdənə heykəl həmayıl, Qızıl bazubəndlər qola yaraşır.
Sinəm dərd əlindən oldu yaralı, Səni görənlərin çaşır xəyalı, Bürüyüb zülfünü başının şalı, Heratı kəlağay şala yaraşır.
Könlüm mayil olub siyah telinə, Nazik barmağına, şümşad əlinə. Əcəb qurşanıbdı incə belinə, Gümüş kəmər qəddi-dala yaraşır.
Olmaz sənin kimi bir qönçə dəhan, Behiştdən gəlibsən, ay huri, qılman! Tutubsan dəstində bənövşə, reyhan, Gülgəz yanağına lala yaraşır.
Yazıq Ələsgərə çoxdu zavalın, Aparır ağlımı günəş camalın. Nə göyçək görünür üzündə xalın, Gülgəz zənəxdanın xala yaraşır.