Yaradaydı
Baxaydı sözümə bu qoca dünya, Dəyirman üyütməz dən yaradaydı. Nə qara saçlara qar düşəydi, qar, Nə ala gözlərə çən yaradaydı.
Çəkildi axşamı, getdi səhəri, Dolana bilmədim kəndi, şəhəri. Cıdıra çıxanda xallı kəhəri, Meydanı bir xeyli gen yaradaydı.
Yandı bu çöllərdə zəmi, neyləsin, Batdı bu dəryada gəmi, neyləsin. İnsan bu dağ boyda qəmi neyləsin, Onu bir balaca şən yaradaydı.
Bizi çox oynatdı küllə, kömürlə, Qatdı başımızı daşla, dəmirlə. Zəlimxan neyləsin beş gün ömürlə, Ömrümü arzuma tən yaradaydı.
1978, 26 dekabr