Yaradanı görürəm
Nə vaxt səni görürəm – Arısı, kəpənəyi, Çiçəklərlə öpüşən Göy çəməni görürəm.
Nə vaxt səni görürəm – Ətri dünyanı tutan, Qızılgülü, nərgizi, Yasəməni görürəm.
Nə vaxt səni görürəm – Qəlbimdə misralanıb, Sətir-sətir olursan. Ruhumda, varlığımda, Allahın yaratdığı Ən xoş ətir olursan.
Nə vaxt səni görürəm – Ömür üçün ayrılan, Yüz ilə az deyirəm. Dərin dənizlərə də, Eşqimizin yanında, Baxıb, dayaz deyirəm.
Nə vaxt səni görürəm – Qaynar baxışlarında, Hər dənizi, dalğanı, Hər adanı görürəm. Dərk edirəm Allahı, Yaratdığına baxıb, Yaradanı görürəm.
2001, 22 mart