Yar, səndən
Bülbülləri yesir edən gül-xəndan, Görən, xəbər tutarammı, yar, səndən. Yeddi iqlim mənə görünər zindan, Görən, xəbər tutarammı, yar, səndən.
İsfəndiyar gözü Rüstəm Zalında, Şam, Nəcəfdə, Məkkə, Dəməşq elində, Ərzi-Qarsda, Kərbəlanın çölündə, Görən, xəbər tutarammı, yar, səndən.
Şərab içib, sərxoş olub, səyrəsəm, Qanım-canın qıyım-qıyım doğrasam, Koroğlu tək dağdan-dağa uğrasam, Görən, xəbər tutarammı, yar, səndən.
Bir gül qoxar gözəl yarın bağında, Bülbül hücum eylər solü sağında, Beytullanın Səfa, Mərvə dağında, Görən, xəbər tutarammı, yar, səndən.
Şeyx Sənan tək eşq oduna qalansam, Şibli kimin toz-toprağa bulansam, Kəbə varıb, yeddi kərə dolansam, Görən, xəbər tutarammı, yar, səndən.
Yusif kimi zindan içrə ağlasam, Cərcis kimi can yolunda çağlasam, Yunus kimi haqqa qulluq bağlasam, Görən, xəbər tutarammı, yar, səndən.
Dua qılıb, əlim göyə qaldırsam, Gülfərxar tək qızıl üzüm soldursam, Qopuz alıb, böyük nərə çaldırsam, Görən, xəbər tutarammı yar, səndən.
İsa kimi xəlvət tutsam səmada, Idris kimi qulluq etsəm ziyada,
Xıdır İlyas kimi girsəm zülmətə, Görən, xəbər tutarammı, yar, səndən.
Məxdumqulu, aşiqlərın məstində, Nərgiz gözü heyran edər dəstində, Yeddi yerdə, doqquz fələk üstündə, Görən, xəbər tutarammı, yar, səndən.