Əsas məzmuna keç

Qoşma

Yar qoşması

Zəlimxan Yaqub

1

Axşamüstü yar yanına gəlirdim, Yar get dedi, yar get dedi, neyləyim. Utanmağı mənə baha oturdu, Ar get dedi, ar get dedi, neyləyim.

Qurban olum həyasına, arına, Yaxın qoymur bağçasına, barına, Əl uzatmaq istəyəndə narına, Nar get dedi, nar get dedi, neyləyim.

Evlər yıxan bir gözləri qara var, Aramızda bircə addım ara var, Dedim məndə sən vurduğun yara var, Yar get dedi, yar get dedi, neyləyim.

Dilə salıb könlümüzü yıxan var, Şimşək olub başımızda çaxan var, Durma burda, daldalardan baxan var, Var get dedi, var get dedi, neyləyim.

Boşa vermə yar saatı, yar anı, Belə fürsət bir də çətin yaranı, Qışın qarı yaman kəsdi aranı, Qar get dedi, qar get dedi, neyləyim.

2010, 23 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.