Əsas məzmuna keç

Qoşma

Yapışıb qalardım yerdə daş kimi

Zəlimxan Yaqub

1

İlahi! Göyləri çox görmə mənə, Günəşin nurunu əlimdən alma. Qoy başı ucalsın göylərə dəysin, Şair qürurumu əlimdən alma.

Göyün yaddaşına həkk eylə məni, Möhürüm üfüqlərə basılı qalsın. Qəndillər tavandan asılan kimi, Ruhum göy üzündən asılı qalsın.

Mən orda tapmışam ucalıqları, Mən Allah deyəndə göyə baxmışam. İndi bir sirr kimi açılır mənə, Altmış il göylərə niyə baxmışam.

Yapışıb qalardım yerdə daş kimi, Fikrin alovunu buraxmasaydım. İçimdə bir ulduz yanmazdı mənim, Göydə ulduzlara çox baxmasaydım.

2010, sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.