Əsas məzmuna keç

Heca şeiri

Yaman qocalıb babam

Zəlimxan Yaqub

2

Onu elə görəndə inanmadım gözümə, O qırışan yanaq nə, o titrəyən əl nədir. Gör bir, ey diliqafil, düşündüm öz-özümə, Bahar sevən bağçaya düşən bu xəzəl nədir?

Ömrünə gah gün düşüb, gah dolu, yağış düşüb, Həyatın yollarında enib, ucalıb babam. Qocalmaram desə də, indi daha qış düşüb, Günləri çatıb sona, axır qocalıb babam.

Mən yuxumu görürəm, yoxsa həqiqətmi bu? Sevə-sevə yaradan insan qocalardımı?! Qəlbi torpağa bağlı dağ oğlu, aran oğlu Qocalsa da heç belə asan qocalardımı?!

Nədir onu qocaldan, son qisməti yeməmiş, Toy gecəsi can verən bəy oğlunun yarası. Toy evinə gələnlər gözün aydın deməmiş, Başsağlığı verdilər, getdi ciyərparası.

Tər töküb, zəhmət çəkib bağ-bağat becərsə də, Gör kişinin qəddini fikir nə yaman əydi. Oğullar ataların itkisini görsə də, Atalar oğul sarı bir itki görməyəydi.

1972, 7 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.