Əsas məzmuna keç

Qoşma

Yağırdı Yaltaya yay yağışları

Zəlimxan Yaqub

1

Yağırdı Yaltaya yay yağışları, Enirdi hər damla nəğmə, səs kimi. Dünya gözlərimdə təzələnirdi, Sinəmə çəkdiyim tər nəfəs kimi.

Dəniz də, meşə də, dağ da, duman da Baxıb bir-birinə naz eyləyirdi. Ağaclar çimirdi su pərisi tək, Çiçəklər kefini saz eyləyirdi.

Sevən könülləri nurlandırırdı, Doğan göy qurşağı, çaxan ildırım. Qınından sıyrılan qılınc olurdu, Buluddan sıyrılıb çıxanda Krım.

Yaltada yağışlar şeir yazırdı, Yarpağa, torpağa, qönçəyə, gülə. Təzə rəng qatırdı, boya verirdi, Xalıya, ipəyə, məxmərə, tülə.

Yağırdı Yaltaya yay yağışları, Hava bal dadırdı, pətək dadırdı. Çaxan şimşəyiylə, axan seliylə, Bizim Kəlbəcəri xatırladırdı.

Yalta, 2010, 17 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.