Yadımda qaldı
Gəldim bu dünyanı seyr eləməyə, Bulaqlar səsiylə yadımda qaldı. Dəniz uğuldadı, dalğa oxudu, Sular nəğməsiylə yadımda qaldı.
Yuxarı zirvədi, aşağı dərə, Gözü gördüyünə vuruldu hərə. Şikəstə ziliynən qalxdı göylərə, Muğamat pəsiylə yadımda qaldı.
Düzdə kəli gördüm, dağda kəkliyi, Köçürdüm könlümə gül-çiçəkliyi. Sevdi zirvələrdə qartal təkliyi, Durnalar dəsiylə yadımda qaldı.
Gözəlin əsli var, igidin soyu, Gülləndi sevgisi, çalındı toyu. Yaşamaq istədi min illər boyu, Könül həvəsiylə yadımda qaldı.
Çiçək dəstə-dəstə, gül qucaq-qucaq, Hər lalə çəməndə alışan ocaq. Atamdı, anamdı bu ana torpaq, İsti nəfəsiylə yadımda qaldı.