Yaddaşım mənim yox, yaddaşlarındı
Qələmim yük tutub halal mayadan, İlhamım nə sükut, nə lallıq bilir. Çəkib şirəsini dağdan, qayadan, Sözü ən müqəddəs halallıq bilir.
Yaddaşım mənim yox, yaddaşlarındı, Sözüm sözlərindi, sazım sazların. Ruhum gah neyindi, gah da tarındı, İçində mən varam bu avazların.
Yetirib, bitirib yaşatmağı var, Bu qara torpaqdı, bu şumdu, lələ. Əriyib itməyən bu qayalıqlar Mənim yaddaşımdı, huşumdu, lələ.
Mənim misra-misra şeirlərimi, Açan çiçək yazır, yağan qar yazır. Sazın ötən səsi, dillənən simi, Elin dilindəki alqışlar yazır.
Talamaq olmadı adətim, peşəm, Şeirə səcdəsini qılan ömrümü. Bu gün qələmimlə möhürlənmişəm, Min ildən sonraya qalan ömrümü.
2003, 22 sentyabr