Ya Rəbbim, ürəkdə nələr var imiş?
Verilən dərmandı, inləyən mənəm, Danışan həkimdi, dinləyən mənəm. Həsrətdən saralmış varaqlar kimi, Dərdi üst-üstünə çinləyən mənəm. Canımdan tökülən ağrılarımı Dən kimi yığşıran, dənləyən mənəm. Özümdən xəbərim yox imiş mənim, Min qəlbə sığmayan kədər var imiş, Ya Rəbbim, ürəkdə nələr var imiş?
Məni qaya kimi yıxanda gördüm, Qəlbimin içinə baxanda gördüm, Ağrı var, azar var, haray var, ün var, Qubarı qat-qatdı, qabarı çat-çat, Hər qara nöqtədə bir dağ-düyün var. Ömür kitabında baş-başa verən, Neçə yaslı gecə, yaralı gün var. Ulduz parıldamaz, Ay dada gəlməz, “Günəşi tutulmuş səhər” var imiş, Ya Rəbbim, ürəkdə nələr var imiş?
Səsi boğazında quruyub qalan, Yuvası dağılmış quşlar ordadı. Gözümdən tökülən mində biriymiş, İçimə süzülən yaşlar ordadı. İçimi görürmüş məndən xəbərsiz, Üstümə atılan daşlar ordadı. Qələmlə vurulan səssiz güllələr, Söz ilə kəsilən başlar ordadı. Alnıma yazılan qədər var imiş, Ya Rəbbim, ürəkdə nələr var imiş?
Əsir götürdülər filankəsləri, Filankəs tapılmır, itdi, bəd xəbər. Laçın xəyanətə qurban verildi, Şuşa əlimizdən getdi, bəd xəbər. Qarabağ neçə yol kömək istədi, Fürsət yanımızdan ötdü, bəd xəbər. Qohumdan, qardaşdan, eldən, cəbhədən Nə qədər bəd gələn xəbər var imiş, Ya Rəbbim, ürəkdə nələr var imiş?
Şair ürəyinin evini yıxan Qapısı bağlanmış evdi, eşikdi. Düşmən çəkməsinin dabanlarında Körpəsi çığnanmış səssiz beşikdi. Səngəri alınmış, əsgəri ölmüş, Qanlı köynək kimi dəlik-deşikdi. Təpənin əlində dağ aciz qalıb, Boğulan pələngdi, boğan pişikdi. Hər köntöy baxışdan, hər acı sözdən Damara işləyən zəhər var imiş, Ya Rəbbim, ürəkdə nələr var imiş?
Kağız mürəkkəbi götürən kimi, Ürək də harda var nəmi çəkirmiş. Bir nəslin, tayfanın, insanın deyil, Dünyanın çəkdiyi qəmi çəkirmiş. Savabın, günahın tərəzisində Kimi çəkdirirmiş, kimi çəkirmiş. İnsanın canında od tutub yanan Cəhənnəm var imiş, məhşər var imiş, Ya Rəbbim, ürəkdə nələr var imiş?
Bir az vaxtdan çəkdim, bir az zamandan, Bir az dağdan çəkdim, bir az dumandan. Açığı bir az da özümdən oldu, Qəlbimə dalbadal dəyən zərbələr, Hər yasda ağlayan gözümdən oldu. Susmaq içərimi yıxdı, yömürdü, Əzabım səbirdən, dözümdən oldu. Üzünü gor görsün küt ağrıların, Ürəkdə nə qədər dərd var, azar var, Mənim ucbatımdan, üzümdən oldu. Bu qoca dövranın, kaftar dünyanın, Aşının altında zəhər var imiş, Ya Rəbbim, ürəkdə nələr var imiş?
Dolu düşüncələr, dəli duyğular Qalxıb qabaranda yük ona düşdü. Havalı dalğalar, sərt qasırğalar Tufan qoparanda, yük ona düşdü. Minillik palıdı güclü bir tufan Çəkib aparanda, yük ona düşdü. Qəfil bir zəlzələ min-min insanın Bağrını yaranda, yük ona düşdü. Min bir damar keçir bir parça ətdən, O, qaça bilərmi bu cəmiyyətdən? Onun hər telində, hər zərrəsində Hər şeyə ilahi diqqət var imiş, Hər şeyə ilahi nəzər var imiş, Ya Rəbbim, ürəkdə nələr var imiş?
Mənasız suallar, cavablar üçün, Ürəyə verdiyim əzablar üçün Məni, yaratdığın dinə bağışla, Qədir gecəsinə, Kəbə daşına, Qiblə bildiyimiz yönə bağışla. Müqəddəs Quranın göydən endiyi, Bizə bağışlanan günə bağışla. Xırda günahları özüm çəkərəm, Böyüksən, adilsən, mərhəmətlisən, Böyük günahları mənə bağışla. Mən hardan biləydim mənim içimdə Bu qədər yıxılmış xarabalıqlar, Bu qədər dağılmış şəhər var imiş, Ya Rəbbim, ürəkdə nələr var imiş? Ya Rəbbim, ürəkdə nələr var imiş?!
2004, 5 noyabr