Ya əli, canım sana olsun fəda
Ya Əli, canım sana olsun fəda, Qulkəfadır şə’ninə həqdən nida. Bu Xətayi könlünə qıldın nüzul, Mərhəba, ey şahi-aləm, mərhəba.
Mustafa fəxri-cəhan, sən həmdəmi, Zatunuz həm ləhmi anın həmdəmi. Ey Xətayi, bil Əlidir, bigüman, Qabi-qövseynin rümuzi məhrəmi.
Zati-həqq məfhumi-nəssi lafəta, Qullara səndən gərək lütfü əta. Bəndədən kəsmə inayətlən nəzər, Bu Xətayi bir qulundur pür xəta.
Bu Xətayi bəndənin gör halini Kim, yolunda qoydu başü malini. Pürgünahəm, tə’nə qılma, zahida, Bəndəsinin həq bilür ə’malini.
Mən Hüseyni məzhəbəm, şahın qulu, Yə’ni kim, mə’nidir Allahın qulu. Ey Xətayi, padşah olmaz kişi, Olmayınca uş bu dərgahın qulu.
Zatın Allah məzhəridir, ya Əli, Kibrü kin səndən bəridir, ya Əli. Bu Xətayi qeysərü xaqanü Cəm Qənbərinin Qənbəridir, ya Əli.
Sayeyi-xurşidi-sübhandır Əli, Əhli-fəqrə şahi-mərdandır Əli, Ey Xətayi, geymiş aslan kisvətin, Laləkan qəsrində dərbandır Əli.
Ol Əlidir aləm ümmid olan, Ol Əlidir dünyada təcrid olan.
Ol Əlidir, ey Xətayi, bixəta, Dünyəvi üqbadə (həm) cavid olan.
Gər Əlinin mülki-insandır yeri, Dər həqiqət ərşi-rəhmandır yeri, Ey Xətayi, kimdə var mehri-Əli, Rəhməti-həq, baği-rizvandır yeri.
Mən məvali məzhəbəm, rahım Əli, Hacətim, zikrim, nəzərgahım Əli, Oldu ənqa tək Xətayi bivücud, Qafi-qüdrət, sirri Allahım Əli.
Lüğət: Nüzul – düşmə, enmə; Pür – dolu; Məzhər – təzahür, yetişmə; Kibr – məğrurluq, qürurluq; Xurşid – günəş; Sübhan – Allah; Dərban – qapıçı; Üqba – axirət, o biri dünya; Rəhman – şəfqətli, rəhmli; Mehr – günəş; Rizvan – behişt, behişt qapısı; Məvali – sahiblər, hamilər, dostlar; Zikr – anma, söyləmə; Sirri – əf’al – işlərin sirri