Əsas məzmuna keç

Mürəbbe

Xubların sultanısan aləmdə, var, xan ol, yürü

Şah İsmayıl Xətai

1

Xubların sultanısan aləmdə, var, xan ol, yürü, Aşiqin canında cansan, var, acanan, ol, yürü, Sən rəqibin məclisində şəm kimi yan, ol, yürü, Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.

Yerdə qalmaz çün biləsən, ey mələk, ahım mənim, Yalqıza yardım edər: vardır Allahım mənim, Bivəfalıq rəsmini əldən gedər şahım mənim, Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.

Neçə kərrə demədimmi gözləri ahu sana, Bivəfalıq etməmək gərək idi canu sana, Yürü, var ömrüm haman şimdən gerü yahu sana, Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.

Ya ilahi, bilməzəm kim, nolisər halım mənim, Könlüm aldı, müslimanlar, şimdi bir zalım mənim, Sevdigim, ömrüm, əfəndim, hey gülüm, balım mənim, Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.

Ey Xətayi, bulmadım bir yarü həmdəm dünyada, Ahü vahi keçdi ömrüm, neyləyim, mən dünyada, Sərv kimi sərkəş olasan haman sən dünyada, Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.

Lüğət: Xublar – gözəllər; Yahu – ay Allah, ey bura bax

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.