Əsas məzmuna keç

Müsəddəs

Xoş ol zaman ki, yar mənə həmzəban idi

Seyid Əzim Şirvani

2

Xoş ol zaman ki, yar mənə həmzəban idi, Bəzmim cəmali-yar ilə rəşki-cinan idi, Sultan idim ki, hər yana hökmüm rəvan idi, Dövlət qulam idi mənə, bəxtim cəvan idi, Cani-həzinə həmdəmü arami-can idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Xurşidgun şərablə dolmuşdu camımız, Ol mah ilə keçirdi bizim sübhü şamımız, Dövri-fələkdə hasil olurdu məramımız, Xaki-dərindən özgə yox idi məqamımız, Bülbüllərə o sahəti-qüds aşiyan idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Hicrin əgərçi görmüş idim mübtəlalərin, Dildən-dilə eşitmiş idim macəralərin, Bunca təsəvvür eyləməz idim bəlalərin. Can çəkiş idi möhnəti-hicran cəfalərin, Xəlvətsərayi-vəsldə dil kamran idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Könlüm o mahdən açılırdı kərəm görüb, Mehrin ziyadə, cövrü cəfasını kəm görüb. Ol gül mənə açıldığını dəmbədəm görüb, Bəzmi-visaldə özünü möhtərəm görüb, Rəşk ilə qönçətək dili-bədxah qan idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Ol gül mənimlə həmdəm idi hər bahardə, Gəh daməni-çəməndə, gəhi laləzardə, Bülbül təki işim yox idi ahü zardə, Seyyid ki, məskən etmiş idi kuyi-yardə, Ezaz ilə bir Adəmi-cənnətməkan idi; Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.