Xoş gəldin
Qədəm qoyub asta-asta Sən bu diyara, xoş gəldin! Süzdürüb ala gözləri, Qaşları qara, xoş gəldin!
Oğrun durub, qıya baxdın, Müjganın sinəmə çaxdın, Cismimi yandırıb yaxdın, Salıban nara, xoş gəldin!
Qaynayıb, peymanım dolub, Saralıb gül rəngim solub. Həsrətin çəkməkdən olub Sinəm sədpara, xoş gəldin!
Dostun vəfasını gördüm, Seçib, sevib, könül verdim. Təzələndi köhnə dərdim, Dərdimə çara, xoş gəldin!
Sinəmdi eşqin dəftəri, Sənsən dilimin əzbəri. Yazıq Aşıq Ələsgəri Çəkməyə dara, xoş gəldin!