Əsas məzmuna keç

Heca şeiri

Xırdalama, İlahi, həmişə böyüt bizi

Zəlimxan Yaqub

1

Bir-iki kəlmə dua, beş-altı kəlmə arzu, Tanrım, qoy saf saxlasın sən verən öyüt bizi. Sənə üz çevirən gün üzümüzə nur çilə, Səndən üz döndərən gün daş eylə, keyit bizi.

İnsanı Haqq yanında hər varlıqdan baş eylə, Qızını doğma bacı, oğlunu qardaş eylə. İnsanlığı unutsaq, bağrımızı daş eylə, Qışın qarına döndər, buz kimi soyut bizi.

Köksüzlər öz ömrünü bəxtəvər saya bilməz, Dağdan dayağı yoxsa, sellər çağlaya bilməz. Ruhda, qanda yoxdusa, Haqqa bağlaya bilməz Nə peyğəmbər, nə imam, nə qərib seyid bizi.

Şah sevgilər yolunda qaya kimi çapılaq, Harda yıxılan olsa, dayaq olaq, tapılaq. Çörək olaq yeyilək, kündə olaq yapılaq, Dəyirmanı işə sal, dən kimi üyüt bizi.

Nə millətə dərd, ələm, nə xalqa ah-zar verək, Ürəyi yanan kəsə dağımızdan qar verək. Düymələnək, açılaq, çiçək olaq, bar verək, Qoy nəsillər bilməsin barsız bir söyüd bizi.

Gözlərimiz göydədi, əllərimiz Haqdadı, Haqqa tapınmayan kəs qara daşdı, taxtadı. Demə ki, mən Allaham, bəndə çox uzaqdadı, Nə göylərdən arala, nə yerdən soyut bizi.

Dünya başdan-ayağa insaf olsun, din olsun, Dünyada yaxşı nə var, artsın birə-min olsun. Verdiyin hər nemətə min dəfə şükür olsun, İlahi! Xırdalama, həmişə böyüt bizi!

2003, 1 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.