Xırdaca qız
Naz ilə gəldin otağa Leylinişan Xırdaca qız! Tovuz kimi cilvələnib, Artırıb şan Xırdaca qız. Camalına mail olub Huri-qılman, Xırdaca qız! Səni görən cavanlarda Qalmaz iman, Xırdaca qız!
Adı Kövsər, ləbi kövsər, Dürr düzülüb zənəxdana; Gərdəndə qızıl həmayıl, Şölə salıbdı hər yana; Aşiqinə zülm elədin, Od qaladın şirin cana; Kərəm eylə, ayaq saxla, Getmə, dayan, Xırdaca qız!
Gözəlliyin binadandı, Tanıram əsli-soyunu; Səd afərin nəqqaşına, Şüşədən çəkib boyunu; Allah bir vəsilə salsın, Hacı Alı tutsun toyunu; Kəsilsin xaki-payında Neçə qurban, Xırdaca qız!
Ələsgərəm, tərifini Düzürəm dastana, gözəl! Eşitsin, fəxr eləsin Səni doğan ana, gözəl! Şükür haqqa, xudam yazıb Tərlanı tərlana, gözəl! Mehdi kimi ölkəmizdə Yoxdu oğlan, Xırdaca qız!