Xəyalımda bir ulduzlu gecə qalıb
Bu kənd daha mən gördüyüm o kənd deyil, Nə ocaq var, nə tüstülü baca qalıb. Oğul-uşaq səpələnib uzaqlara, Ortalıqda qarı qalıb, qoca qalıb.
Dörd göz ilə saza baxmır uşaqları, Məclislərdə qoşalaşmır aşıqları, Orda-burda öləziyir işıqları, Xəyalımda bir ulduzlu gecə qalıb.
Yetim evlər qəlbə ağrı, ürəyə yük, Qıfıllanmış qapıların dərdi böyük, Gedənlərin çoxu sönük, çoxu dönük, Qalanların çoxu başı uca qalıb.
2002, 1 fevral