Xəyal-xatirə
Ürəyim nə istəyir; Budaqları yuvalı, Yuvaları havalı Yaşıllıqlar ölkəsi. Yanında qaynar bulaq, Yaşıl ağac kölgəsi.
Ürəyim nə istəyir; O sərin kölgəlikdə Bir cüt qız baxışları.
Ürəyim nə istəyir; Saçımızı isladan Narın yaz yağışları.
Ürəyim nə istəyir; Uçurumdan, aşırımdan Keçən ara yolları. Bülbüllərlə öpüşən, Yaylaqlara yetişən Kəndin qara yolları.
Ürəyim nə istəyir; Qızıl yallı köhlən at, Dəli bir igid ömrü, At üstə keçən həyat.
Ürəyim nə istəyir; Analı günlərimi, Atalı günlərimi. Sevgidən haşiyəli, Butalı günlərimi.
Ürəyim nə istəyir; Məni dağa qaldıran, Məni dağdan endirən, Aşıq kimi oxudan, Şair kimi dindirən Dağ ola, aran ola. Bir möcüzə baş verə, Məni o günlərimə Alıb qaytaran ola.
Ürək çox şey istəyir; Verəni göstər mənə. Qəlbindən keçənləri Görəni göstər mənə. Kimin gücü çatar ki, Keçmişini qaytarıb Bu günlərə gətirə. Yüz də öldür özünü – Sabahımız xəyaldı, Dünənimiz xatirə.
2006, 8 avqust