Xətrinə dəymə
Meh var, qoy sığallasın, Yelin xətrinə dəymə. Saçdı, qoy dalğalansın, Telin xətrinə dəymə.
Barmaqlarım inciyər, Əlin xətrinə dəymə. Daş-qaşdı, qoy düzülsün, Ləlin xətrinə dəymə.
Sözüm bir nəmər olsun, Dilin xətrinə dəymə. Qollarım kəmər olsun, Belin xətrinə dəymə.
Qoy çağlasın Zəlimxan, Selin xətrinə dəymə. Şairi küsdürərsən, Elin xətrinə dəymə.