Əsas məzmuna keç

Bayatı

Xətayi, can arxına

Şah İsmayıl Xətai

1

Xətayi, can arxına, Əhli-ürfan arxına. Mə’rifətdən su gəlib, Tökülür can arxına.

Könül vermə nadana, Haqqı inkar edənə, Müridəm, haqq demişəm Məhəbbət xanadana.

Xətayim der bayağı, Atılandır bayağı, Quşlarda nə quşu var, Təpəsində ayağı?

Xətayiyə han gəldi, Mürdə cismə can gəldi, Yə’qubi-zar olmuşam, Yusifi-Kən’an gəldi.

Xətayiyəm, xəttaram, Həq sirrinə səttaram, Həkimlərin dərmanı, Təbiblərə əttaram.

Xətayiyəm bir halım, Əlif üstündə dalam. Sufiyəm təriqətdə, Həqiqətdə abdalam.

Xətayim, ver cəvablən, Qırmızı gül gülablən, Səndən can əsirgəməm, Zira kim, bir hesablən.

Xətayi Mehdi oldu. İmamlar cəhdi oldu, Gətir, getdi qəm-qüssə, Şadilik vaxtı oldu.

Xətayi, işin düşər, Gəlib-gedişin düşər, Dişləmə çiy löqməni, Yerinə dişin düşər.

Lüğət: Ürfan – mistika, bilik, Allahı anma; Mürdə – ölü

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.