Əsas məzmuna keç

Qoşma

Xəstənin düşüncələri

Zəlimxan Yaqub

2

Gözümü açmağa gücüm çataydı, Təzədən baxaydım köhnə dünyaya. Baxaydım ilk dəfə gördüyüm kimi, Tamaşa dünyaya, səhnə dünyaya.

Dinməyə dilimin gücü çataydı, Ölümü susdurub lal eyləyəydim. Dünyanın nə qədər acı sözü var, Pətəkdən keçirib bal eyləyəydim.

Yola gətirəydim ilanları da, Zəhərli dillərdə şəkər olaydım. Kimin ürəyinə toxunmuşamsa, Gedib qapısında nökər olaydım.

Ayağa durmağa qüvvət tapaydım, Ayağım torpaqdan öpəydi mənim. Günəş sevinəydi məni görəndə, Nurunu üstümə səpəydi mənim.

Mənim gur nəfəsim, mənim gər səsim, Özül titrədəydi, him tərpədəydi. Əllərim yenə də qələm tutaydı, Barmağım yenə də sim tərpədəydi.

Sevinc paylayaydım qəm çəkənlərə, Sevənin butası olaydım yenə. Xəstənin başına sığal çəkəydim, Yetimin atası olaydım yenə. Vaxtsız gələn ağrı, qəfil gələn dərd, Götür xəzəlini yanaqlarımdan! Xoş sözlər eşitmək istəyirəm mən, Çıxart pambığını qulaqlarımdan! Oxumaq, oxumaq istəyirəm mən, Sükutu parçala dodaqlarımdan! Yerimək, yerimək istəyirəm mən, Aç o qandalları ayaqlarımdan! Məni uzaq salma qaynaqlarımdan, Məni ayrı salma dayaqlarımdan!

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.