Əsas məzmuna keç

Qoşma

Xəstə Qasımın məzarı başında

Zəlimxan Yaqub

2

Tikmədaşda bir ustada qonağam, Ulu eşqi, uca səsi var onun. Zaman-zaman xəstələri sağaldar, Tanrı kimi doğma kəsi var onun.

Laylasına uyumuşam, uymuşam, Körpəlikdən hikmətini duymuşam. Başdaşının üstünə baş qoymuşam, Hər könüldə bir bəstəsi var onun.

Cinasdandı, təcnisdəndi axçası, Qıfılbənddi, müəmmadı boğçası, Qoşmalardan ətir saçır bağçası, Gəraylıdan gül dəstəsi var onun.

Onsuz olmaz toyum, yasım deyirəm, Gedim bir də qulaq asım deyirəm, Min il sonra Xəstə Qasım deyirəm, Zəlimxantək min xəstəsi var onun.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.