Əsas məzmuna keç

Qəsidə

Xəlqə xaliq qeybdən ne’mət verib qıldıqda şad

Məhəmməd Füzuli

1

Xəlqə xaliq qeybdən ne’mət verib qıldıqda şad, Həqqə şükr etmək gərək ta kim ola ne’mət ziyad.

Şükr ola Allaha kim, salmış ziya xurşidi-din, Göz bəbəkdən nur alan tək, nur alır ondan həyat.

Var yeri, ta ki, nəzər sahibləri bu nur üçün Söyləsinlər Bağdada indən belə: Eynül-Bilad*.

Tazə bir rövnəq verib şər’ə o ali rütbə kim, Açdı rəhmət babını, bu ölkəyə verdi nicat.

Bax giribani-qəzadən bir sədir qaldırdı baş, Çatdı fürsət kim, ola dərd əhlinə hasil murad.

Bir sənəd gəldi cahana feyzi-rəhmətdən bu gün, Dərk edilməz hər kəsə bu feyz, olsa bisəvad.

Doğmamış torpaq, hava, su, atəş heç bir dövrdə, Bir belə fərzanə fərzəndi, belə fərxəndə zat.

Hər bir elmə vaqif olmuş, hər sözü dərk eyləyər, Qəlbinə bəlli olar sözsüz də hər şey, hər bir ad.

Istəsə təfriq edə gər birləşən ünsürləri, Bircə anda məhv olar rəbti, sübut eylər məvad.

Odla su əmrilə bağlar ülfəti hər bir zaman, Dost olar bir ləhzədə, əlbir olar xak ilə bad.

Hər kəsə bir əl tutar Ne’mətullahi-Təqi, Kim onu görsə qılır Ne’manı tez qəlbində yad.

Mərhəba, ey hər sözün məcmueyi-fəzlü hünər, Mərhəba, ey hər yazın sərvi-riyazi-ədlü dad.

Sübh tezdən məclisindən feyz alar mehri-səxa, Payeyi-əvvəl kəmalində olubdur ictihad.

Öz dilin xəncər tək eylər məhv hər bir kafəri, Afərin, ey qaziyi-ğazi, budur əsli-cihad.

Göstərirsən hamıya tək sən hidayət rahini, Bir ibadətdir sənə hər kim edərsə e’tiqad.

Aləmi nəzmə salan sənsən belə tədbir ilə, Sayən ilə ölkədə olmaz bir an fitnə, fəsad.

Şükr ola kim, harda sənsən, orda var şadlıq, fərəh, Düşməni məhzun edərsən, dostları fərxəndə, şad.

Yol cəfası çəkmədən yetdim vüsali-Kə’bənə, Var yeri, öz bəxtinə etsin Füzuli e’timad.

Ta nə qədri var bu aləm, dövr edən çərxi-fələk, Olmasın sayən bizim başdan kəm, ey ali sifat!

* * *

Lüğət: Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli; Giriban – yaxa; Fərxəndə – xoşbəxt; uğurlu; Vaqif – xəbərdar; Xak – torpaq; Dad – ədalət, insaf; Dili – tirə – qaranlıq könül, tutqun könül; Hidayət – doğru yola getmək; Sayə – kölgə; Qədr – dəyər, qiymət, məziyyət; Çərxi – çənbəri – dairəvi səma; Kəm – az

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.