Xəlil Rzaya ağı
Sənə necə layla çalım, Din-imanım, Xəlil Rza! Sənsiz ötüb-keçən deyil, Bircə anım, Xəlil Rza!
Altım üstümə çevrildi, Duman tüstümə çevrildi, Dünya qəsdimə çevrildi, Axdı qanım, Xəlil Rza!
Can əriyən şama döndü, Saraylarım dama döndü, Zülmət bir axşama döndü, Nurlu danım, Xəlil Rza!
Sənsiz necə dağlar yarım, Bütöv idim, qaldım yarım. Güldən şirə çəkməz arım, Dolmaz şanım, Xəlil Rza!
Ovçu vurmuş bir ovsanmış, Saçımdakı qrovsanmış, Canımdakı alovsanmış, Yandı canım, Xəlil Rza!
Dərdi yalqız çəkə-çəkə, Saldın bizi dərdə, Xəlil! Min kişinin gücü vardı, Sənin kimi ərdə, Xəlil!
Əllərində əsa gəlib, Yollar basa-basa gəlib. Axıb bu gün yasa gəlib, Təbriz, Gəncə, Bərdə, Xəlil!
Könülləri yapanıydın, Köhlənini çapanıydın, Xəzinələr tapanıydın, Alnındakı tərdə, Xəlil!
Könlümüzdə dünya vardı, Səsimizdə ziya vardı. Üzümüzdə həya vardı, Aramızda pərdə, Xəlil!
Duman çatıq qaşım olsun, Dəryalar göz yaşım olsun, Qurban mənim başım olsun, Sənin kimi mərdə, Xəlil!
Səni necə haraylayım, Rzasanmı, Təbrizsənmi? Təbriz əldən gedən gündən, Saralmış bir bənizsənmiş!
Sürdüyün bu dövran nədi, Açdığın bu meydan nədi, Başındakı tufan nədi, Şahə qalxan dənizsənmi?
Ölən insan, uçan evdi, Ömür sudu, əcəl devdi. Ölüm səni nə tez sevdi, Əzizlərdən əzizsənmi?!
Firəngizin göz yaşları, Xəzərmi görən, ay Xəlil?! Bircə addım səndən ayrı Gəzərmi görən, ay Xəlil?!
Ona qəbrin daşı yarmı, Həsrət yükü daşıyarmı, Həyat deyib yaşıyarmı, Bezərmi görən, ay Xəlil?!
Axtarandı hər itirən, Tapar sərvət, zər itirən, Xəlil kimi ər itirən, Dözərmi görən, ay Xəlil?!
Xəlil Rza öldü desəm, Ağzımda dilim qurusun, Ağacda yarpağım yansın, Budaqda gülüm qurusun.
Döyüşdə şiri yoxdusa, Səcdəsi, piri yoxdusa, Yurdun şairi yoxdusa, Çəmənim, çölüm qurusun.
Xəlil Rza, elə çax ki, Elə yandır, elə yax ki, Sərt baxışla elə bax ki, Qorxudan ölüm qurusun!
Sən deyirdin dəyirmanlar – Gərək bizi üyütməsin. Sevgimizə qənim olub, Dərdimizi böyütməsin.
Yıxıldı yalançı miflər, Heçə döndü qəlbi kiflər, Nə təriflər, nə təltiflər, Ruhumuzu uyutmasın.
Xalqa sadiq olan kəslər, İçində bir vətən bəslər, Bayquş səslər, buz nəfəslər, Əlimizi soyutmasın.
Gördün zülüm, çəkdin ağrı, Sənsən xalqın yanan bağrı. Sən qayıtdın xalqa doğru, Kim qayıtmır qayıtmasın!
Zaman-zaman torpağına Gül səpəllər yaş yerinə. Təmiz ruhun, pak nəfəsin, Yaz gətirər qış yerinə.
Can ağrılı, qulaq səsdə, Ellər gəlir dəstə-dəstə. Qardaş, bu gün qəbrin üstə, Dayanmışam daş yerinə.
***
Bu ağır həsrətdən sellərə dönüb, Tökülən yaşlara qurbanam, Ustad! Qalxan yumruqlara, enən əllərə, Çatılan qaşlara qurbanam, Ustad!
Saralan üzlərə, solan gözlərə, Bükülən bellərə, əsən dizlərə, Nəmli kirpiklərə, ağ bənizlərə, Küskün baxışlara qurbanam, Ustad!
Necə təmizlənim dərdin pasından, Gözümüz açılmır xalqın yasından. Atalı-balalı öz yuvasından Perikən quşlara qurbanam, Ustad!
Keçirdin ömrünü tufan içində, Min qada içində, min qan içində, Tək bircə gecədə zindan içində, Ağaran saçlara qurbanam, Ustad!
Nisgil ürəkləri dağıdır, sökür, Dərd ağır gələndə dağ da diz çökür, Dəfnində göylər də göz yaşı tökür, Yağan yağışlara qurbanam, Ustad!
Bu ölməzlik hara, bu ölüm hara, Heç kəs bu gedişdən geyməsin qara, Fəxri xiyabanda fəxri məzara, Əyilən başlara qurbanam, Ustad!
1994, 23 aprel