Xatirələrim
Hara gedirəm gedim, çəkir məni özünə, Dəli-dolu, havalı, çılğın xatirələrim. Mənə şairlik verib, ürəklərə endirib, Şair kimi fikirli, dalğın xatirələrim.
Canımın ağrısıdır saçımın artan dəni, Göynərtilər üşüdür qəlbi, ruhu, bədəni. Uşaq kimi əlimdən tutub gəzdirir məni, Yovşan ətri, kəkotu, yulğun xatirələrim.
Yüz də çağır, harayla, haray axşam, haray dan, Nə göylərdən kömək var, nə çəkdiyim haraydan. Qopur, düşür, tökülür ömür adlı saraydan, Seyrəlir, seyrəkləşir dolğun xatirələrim.
Hərdən işarə verib əcəl çalır zəngini, Ürək saxlaya bilmir ritmini, ahəngini. Saralır yavaş-yavaş, itirir öz rəngini, Payız yarpağı kimi solğun xatirələrim.
2009, 31 yanvar