Xatirələrdə
Ömür xatirəyə dönər, ya dönməz, İllərin izi var xatirələrdə. Keçən əyyamların, ötən günlərin, Dadı var, duzu var xatirələrdə.
O zaman əkmişdim, indi biçirəm, Bir körpü salmışdım, üstən keçirəm. Çörəkdi yeyirəm, sudu içirəm, Qismət var, ruzu var xatirələrdə.
Öldüm bir dodağı bal qızdan ötrü, Ölmədi mənimtək yalqızdan ötrü. Durur o çicəkli yal, qızdan ötrü, Bir mələr quzu var xatirələrdə.
Baxtımı sınadım atdığım zərnən, Nələrnən yaşadım, Allah, nələrnən. Yenə qucaqlaşdım xatirələrnən, Bir eşqin közü var xatirələrdə.
Yıxdı yengələri yeli həsrətin, Yapışdı yaxamdan əli həsrətin, Ağlımı uçuran dəli həsrətin, Əriməz buzu var xatirələrdə.
Ruhu buludlara, kəməndə dönən, Eşqi cıdır vaxtı səməndə dönən, Bir kənddə doğulub, min kəndə dönən, Şairin gözü var xatirələrdə.
Öldürür ananı, alır atanı, Qurtarmaq istəmir çayda batanı. Taxtın çevriləni, baxtın yatanı, Vaxtın sərt üzü var xatirələrdə.
Xəyala gələnlər nə dadlı gəlir, Xəyala nə gəlsə, qanadlı gəlir. Baxıram, arxadan bir atlı gəlir, Yolların tozu var xatirələrdə.
Zikr edir, namazı qılan danışmır, Dərin xəyallara dalan danışmır. Keçmiş insanlara yalan danışmır, Hər şeyin düzü var xatirələrdə.
Yanan ocaqların od əmən oğlu, Çiçək pərvanəsi, çöl-çəmən oğlu, Bir torpaq dəlisi, bir vətən oğlu Zəlimxan özü var xatirələrdə.
2002, 10 yanvar