Xatirələr yumağı
Dağlar uca, düzlər geniş, dərələr dərin, Gəl çözələ yumağını xatirələrin. Hansı dağda qartal ilə süzmüsən qoşa, Hansı düzdə atdığın ox çıxıbdır boşa? Hansı dərə səni çəkib qaranlıqlara, Hansı uçqun günlərini gətirib qara? Hansı zirvə “gəl dövrəmdə qanad çal”, – deyib, Hansı tala açıb sənə xalı-xalçanı? Hansı qızın əllərindən aldın dolçanı? Hansı çeşmə salıb səni eşqin oduna? Hansı gözəl, hansı gəlin düşüb yadına? Nə danışıb mamırlı daş, xınalı qaya? Şair gözü hansı gözlə baxıb dünyaya? – Üfüq aydın, çəmən yaşıl, bulaqlar sərin, Gəl çözələ yumağını xatirələrin.
2004, 17 iyul Truskavets