Xatirələr
İlk eşqimiz, sevdamız təbiətin nəşəsi, Bizə gəl-gəl deyərdi dağı, daşı, meşəsi. Güldürüb ağlatmaqdı yaradanın peşəsi, Çiçəklər ətir saçar, ulduzlar nur ələrdi, Bugünkü qazancımız ancaq xatirələrdi.
Zirvədə bir qartalın sorağını alınca, Zirvələrə çıxardıq son gücümüz qalınca. Arzumuz, istəyimiz gözəlliyin dalınca, Ceyran kimi sıçrayar, quzu kimi mələrdi, Bugünkü qazancımız ancaq xatirələrdi.
İsti arandan qaçıb göy yaylağa çıxardıq, Daşdan-daşa dırmaşar, dağdan-dağa çıxardıq. Bir küncə çəkilərdik, bir qırağa çıxardıq, Xəlvəti görüşlərə şux gözəllər gələrdi, Bugünkü qazancımız ancaq xatirələrdi.
Nə qəlbini inildət, nə ruhunu əz daha, Nə soruş, nə soraqlaş, nə axtar, nə gəz daha. Getdi cavanlığımız, geriyə dönməz daha, Nərəmiz, harayımız dağı-daşı dələrdi, Bugünkü qazancımız ancaq xatirələrdi.
Ömür adlı sapdakı gənclik adlı incini, Uşaqlığı, gəncliyi, gəncliyin sevincini, Bir nəslin neçə-neçə qocasını, gəncini, Gör nələr itirmişik, əldən gedən nələrdi, Bugünkü qazancımız ancaq xatirələrdi.
Çəkənlərin çiyninə dərd adlı şələ düşdü, Ürəyə qəm, cana od, ruha vəlvələ düşdü. Allahın bölgüsündə bizimki belə düşdü, İlk payımız sevincsə, son payımız kədərdi, Hər şey keçib gedəcək, qalan xatirələrdi!