Xatasız ötüşmür xatalı şöhrət
Odlarda, sularda verilir bizə, Odlu duyğularda verilir bizə, Rahatlıq gətirib baş sığallamır, Sonsuz qayğılarda verilir bizə, Dərviş əllərində qızıl almadı, Şirin yuxularda verilir bizə Vergili, ilhamlı, butalı şöhrət.
Ən çətin sorğudan, sualdan gəlir, Arzudan, istəkdən, xəyaldan gəlir, Bir başı bağlanır ayrılıqlara, Bir başı şipşirin vüsaldan gəlir. Gödək ömürlüsü haram tikədən, Uzunömürlüsü halaldan gəlir. Tarixdi, yaddaşdı, süddü, sümükdü, Çətinə düşəndə yandırmaq üçün Səməndər quşunun verdiyi tükdü, Arxalı, analı, atalı şöhrət.
Allah vergisinə ağıl verməyə “Ağıllılar” artır, “ağıllar” artır. Bir-bir ayaq açır dedi-qodular, Uydurma söhbətlər, nağıllar artır. Zaman paxırları üzə çıxardır, Paxırlar görünür, paxıllar artır. Kişi papağını yerə vurmağa “Papaqlar altında oğullar” artır. Hazıra nazirtək göydən enməyib, Min dəfə əjdaha ağzından çıxıb, Gəlib bu günlərə çatalı şöhrət.
Odla oynamaqdı, suyla qaynamaq, Xatasız ötüşmür xatalı şöhrət. Allahın işidi, bəndəlik deyil, Var olsun sevgili, butalı şöhrət.