Xanlarım
Ayazlı bir qış axşamı, Bəd gəldi vədən, Xanlarım. Qara gəlmiş bir xəbərlə, Bağrımı didən Xanlarım.
Ağrıdan ahı qabaran, Könlümdə tufan qoparan, Şimşək vuran, sel aparan, Əlimdən gedən Xanlarım.
Havacatdan zərin vardı, Saz adlı səngərin vardı, Dağ kimi ləngərin vardı, Hanı o bədən, Xanlarım.
Balaların yuxu yatmaz, Yatanları saz oyatmaz, Həkimlərin gücü çatmaz, Dərindi zədən, Xanlarım.
Qarışan şərə nə deyim, Nəs düşən zərə nə deyim, Oğlun Azərə nə deyim, Tez getdin nədən, Xanlarım.
İşimiz dərd-azar oldu, Ömrümüz tezbazar oldu, Yerin vaxtsız məzar oldu, Dəyirmanda dən Xanlarım.
Toyuma verdim yaraşıq, Toyumda sən oldun aşıq. Söndü ocaq, keçdi işıq, Qayıtmaz ötən, Xanlarım.
Dağlar başı qar itirir, Bağban ölür, bar itirir. Millət oğullar itirir, Yaş tökür Vətən, Xanlarım.
Çətin gündə, ağır anda, Qəmli vaxtda, fağır anda, Xanlar deyib çağıranda, Hamıya yetən Xanlarım.
Açmışdı, soldu gül kimi, Canın qovruldu kül kimi, Səndən ötrü bülbül kimi, Mən oldum ötən, Xanlarım.
Süzülən yaşın olaram, Çatılan qaşın olaram, Bitib başdaşın olaram, Könlümdə bitən Xanlarım.
Kövrəlsə də el, oxuyaq, Olaq coşqun sel, oxuyaq, Dur, bir “Sarıtel” oxuyaq, Əcəli yetən Xanlarım.
Həyat yalan, ölüm doğru, Zəlimxanın yandı bağrı. Canımdakı nisgil, ağrı, Saçımdakı dən Xanlarım. Şimşək vuran, sel aparan, Əlimdən gedən Xanlarım.
1999, 19 yanvar